Robotik cərrahiyyə müasir minimal invaziv cərrahiyyənin inkişaf etmiş istiqamətlərindən biridir. Bu üsulda cərrah xüsusi konsoldan robotik sistemi idarə edir və sistem incə, çevik cərrahi alətlər vasitəsilə əməliyyatı həyata keçirir. Robotik sistem cərrahın hərəkətlərini yüksək dəqiqliklə cərrahi alətlərə ötürür. Yüksək keyfiyyətli, böyüdülmüş və üç ölçülü görüntüləmə isə cərraha əməliyyat sahəsini daha detallı görməyə və mürəkkəb anatomik strukturlar üzərində daha kontrollu işləməyə imkan verir.
Əməliyyatı robot həyata keçirir?
Xeyr. Robotik cərrahiyyədə əməliyyatı robot deyil, cərrah həyata keçirir. Robotik sistem cərrahın idarə etdiyi texnoloji platformadır.
Cərrah konsol vasitəsilə bütün hərəkətləri özü idarə edir, əməliyyatın gedişinə və qəbul edilən qərarlara tam nəzarət edir. Başqa sözlə, robot cərrahı əvəz etmir cərrahın imkanlarını genişləndirir.
Robotik cərrahiyyənin üstünlükləri nələrdir?
Robotik sistemin əsas üstünlüklərindən biri cərraha əməliyyat sahəsini böyüdülmüş və üçölçülü görüntü ilə qiymətləndirmək imkanı verməsidir. Bu, xüsusilə dar və mürəkkəb anatomik sahələrdə incə strukturların daha aydın vizuallaşdırılmasına kömək edə bilər. Robotik alətlərin çevikliyi və hərəkət imkanları cərrahın əl və bilək hərəkətlərini daha kontrollu şəkildə həyata keçirməsinə imkan yaradır. Sistem həmçinin cərrahın təbii əl hərəkətlərini kompüter vasitəsilə dəqiq şəkildə cərrahi alətlərə ötürür. Robotik cərrahiyyə minimal invaziv yanaşmaya əsaslandığı üçün uyğun əməliyyatlarda daha kiçik kəsiklərdən istifadə edilir. Bunun nəticəsində bəzi pasiyentlərdə əməliyyatdan sonrakı ağrı və sağalma müddəti daha az olur. Lakin bu üstünlüklər əməliyyatın növündən və pasiyentin fərdi xüsusiyyətlərindən asılıdır.
Robotik cərrahiyyə hansı sahələrdə tətbiq olunur?
Robotik cərrahiyyə müxtəlif cərrahi ixtisaslarda tətbiq imkanına malikdir. Əsasən:
- Urologiya
- Ümumi cərrahiyyə
- Kolorektal cərrahiyyə
- Ginekologiya
- Torakal cərrahiyyə
- Onkoloji cərrahiyyə
- Ürək-damar cərrahiyyəsi
- Baş-boyun və LOR cərrahiyyəsi
- Pediatrik cərrahiyyənin seçilmiş sahələri
və s. daxildir.
Robotik cərrahiyyə bütün pasiyentlər üçün uyğundur?
Xeyr. Robotik cərrahiyyənin uyğunluğu hər pasiyent üçün fərdi şəkildə qiymətləndirilir. Diaqnoz, əməliyyatın növü, xəstəliyin mərhələsi, pasiyentin ümumi sağlamlıq vəziyyəti və digər klinik amillər nəzərə alınır.
Robotik cərrahiyyədə cərrahın rolu nədir?
Cərrah əsas qərarverici və idarəedici şəxsdir. Robotik sistem cərrahı əvəz etmir, onun təcrübəsini və texniki imkanlarını dəstəkləyir. Əməliyyatın planlaşdırılması, robotun idarə olunması və cərrahi qərarlar cərrah tərəfindən həyata keçirilir.
Robotik cərrahiyyə daha az ağrılıdır?
Uyğun əməliyyatlarda daha kiçik kəsiklərdən istifadə edildiyi üçün toxuma travması və əməliyyatdan sonrakı narahatlıq daha az olduğu üçün əməliyyatdan sonrakı bərpa daha tez olur və ağrı daha az olur.